"Qələbəni əldən verdiyimiz üçün məyusuq" - Millimizin baş məşqçisi

"Qələbəni əldən verdiyimiz üçün məyusuq" - Millimizin baş məşqçisi

"Matçın çətin keçəcəyi bəlli idi. Monteneqro yığması bu “pəncərə”də bir oyun keçirirdi ki, o da öz meydanlarında bizə qarşı idi. Qələbəni əldən verdiyimiz üçün məyusuq".

"Mediasport" xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsinin Monteneqro ilə səfər görüşünü şərh edib. O, 1:1 hesablı bərabərliyə görə məyus olduqlarını bildirib:

“Qısa müddətdə ardıcıl iki səfər matçına çıxmalı olduq. İstər-istəməz yorğunluq yaranmışdı. Komandanı oyuna tam bərpa etmək üçün maksimum çalışdıq.

Monteneqro həm də qrup birinciliyi uğrunda əsas rəqibimizdir. Açığı, birinci hissədə futbolçuların bəzi səhvləri oldu. Xüsusən də hücum xəttində problemlər yaşadıq, irəlidə top saxlaya bilmədik.

Qapıçımızın və müdafiəçilərimizin etibarlı çıxışı sayəsində fasiləyə heç-heçə ilə yollandıq. İkinci hissəni isə hücumda daha yaxşı keçirdik, üstünlüyə yiyələndik. Qol vurduq və başqa şanslarımız da oldu.

Təəssüf ki, ikinci qolu vura bilməməyimiz rəqibin son dəqiqələrdə hücuma atılmasına gətirib çıxardı. Nəticədə 90+2-ci dəqiqədə penaltidən qol buraxdıq. Penalti epizodunda isə top əvvəlcə rəqibin, sonra bizim oyunçunun əlinə dəymişdi".

Baş məşqçi millinin C Liqasının IV qrupunda mayın 30-da Litvaya qarşı keçirəcəyi görüşə də münasibət bildirib:

“Monteneqro ilə oyunda qələbəni əldən verdiyimiz üçün məyusuq. Buna baxmayaraq, birinci yer uğrunda mübarizəni davam etdiririk. Son oyunda Litvanı doğma arenamızda qəbul edəcəyik. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Qələbə qazanmaqla yanaşı, top fərqini də mümkün qədər yaxşılaşdırmalıyıq. Bu səbəbdən Litva üzərində böyükhesablı qələbə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, hazırda Monteneqro və Azərbaycan milliləri hərəyə 5 xalla qrupda müvafiq olaraq 1-ci və 2-ci pillədə qərarlaşıblar. Litva yığmasının isə hesabında xal yoxdur.