Jalə yarımfinalda məğlub oldu, Alyona "bürünc" şansını qaçırdı

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayıb.
Jalə Əliyeva (57 kq) uğurla irəliləyərək yarımfinala yüksəlsə də, final yolunda - türkiyəli Elvira Kamaloğlu ilə dueldə zədələnib. Əliyeva sabah bürünc medal uğrunda güləşəcək. Rəqibi finlandiyalı Yenna Hemiae olacaq.
Ruzanna Məmmədova (62 kq) isə təsnifat mərhələsində uduzaraq mübarizəni erkən dayandırıb.
Digər təmsilçimiz Alyona Kolesnik (59 kq) axşam seansında bürünc medal görüşünə çıxıb və italyan Avrora Russoya 1:3 hesabı ilə uduzaraq yarışı medalsız başa vurub.
Qeyd edək ki, AÇ-də daha əvvəl sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc mükafat əldə ediblər.
Milli komandamız Slovakiyaya 10 sərbəst, 4 qadın və 10 yunan-Roma güləşçisi ilə yollanmışdı.
Qitə birinciliyi aprelin 13-də başa çatacaq.