Mənsimovun arzusu: "İnşallah, “Xəzər Lənkəran” bərpa olunar..."

Tarixə qovuşmuş "Xəzər Lənkəran" Futbol Klubunun sahibi Mübariz Mənsimov komandanın sabiq ulduzlarından Oqtay Dərəlioğlu ilə görüşüb.
"Mediasport" xəbər verir ki, cənub təmsilçisinin veteran hücumçusu Türkiyədə yaşayan iş adamının qonağı olub.
"Palmali" şirkətlər qrupunun rəhbəri bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib:
"Bir zamanlar yalnız Azərbaycanın deyil, həm də Türkiyənin tanıdığı və böyük hörmət etdiyi əfsanəvi futbolçu, “Xəzər Lənkəran”ın önəmli oyunçularından biri olan Oktay Derelioğlu mənim qonağım oldu.
Söhbətimiz zamanı təkcə futbolun bugünkü vəziyyətindən deyil, həm də Azərbaycan futbolunun son illərdə qazandığı uğurlardan danışdıq. Bu anlar mənim üçün çox dəyərli idi.
İnşallah, bir gün yenidən “Xəzər Lənkəran” klubumuz bərpa olunar və biz Oktay Derelioğlu kimi dəyərli futbolçumuzu həm də baş məşqçi kimi komandamızın sükanında görərik".
Xatırladaq ki, 2004/2005-ci illər mövsümündə "Xəzər Lənkəran"ın formasını geyinmiş Türkiyə yığmasının sabiq forvardı burada 17 oyuna 16 qolla yadda qalıb.
Lənkəran klubu 2016-cı ildə fəaliyyətini dayandırıb.