Mühəndislik yarışı üzrə seçmə mərhələnin qalibi müəyyənləşdi
Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə beynəlxalq innovasiya və mühəndislik yarışı olan "H2 Grand Prix PRO" (hidrogenlə işləyən avtomobillərin yarışı) üzrə Azərbaycan seçmə mərhələsi keçirilib.
"Mediasport" xəbər verir ki, mayın 14-də Bakı Kristal Zalında təşkil olunan yarışda ölkənin 15 regionunu təmsil edən 15 komandanın ümumilikdə 69 iştirakçısı bilik və bacarıqlarını nümayiş etdirərək mübarizə aparıb.
Yarış zamanı iştirakçılar komanda şəklində çalışaraq hidrogen texnologiyası əsaslı avtomobillərlə uzunmüddətli və dayanıqlı performans göstərməyə çalışıblar. Komandalar mühəndislik, proqramlaşdırma və strateji düşünmə bacarıqlarını tətbiq edərək müxtəlif tapşırıqları yerinə yetiriblər.
Gərgin mübarizə şəraitində keçən yarışın yekununa əsasən, Ağdaş rayonunu təmsil edən "Pilots" komandası birinci, Bakı şəhərinin "Space Soldiers" komandası ikinci, Şirvan şəhərinin "DriveIQ" komandası isə üçüncü yeri tutublar.
