Vladimir Buşanski federasiyanın idman direktoru təyin edildi
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
"Mediasport" xəbər verir ki, federasiya prezidenti Zaur Axundov idman direktoru vəzifəsinə dəvət olunmuş qazaxıstanlı Vladimir Buşanskini təqdim edib.
Sonra federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov İcraiyyə Komitəsinin ötən iclasından sonrakı dövr ərzində görülmüş işlər və keçirilmiş çoxsaylı tədbirlər barədə iclas iştirakçılarını məlumatlandırıb.
O, Elm və Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkənin 2 şəhər və 8 rayonunda velosiped bölmələrinin açıldığını, gələcəkdə bu prosesin davam etdiriləcəyini bildirib.
“Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı”nın Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2026-cı il üçün təqvim planına daxil edildiyini vurğulayan Sahib Ələkbərov, 2.1 kateqoriyalı bu yarışın gələn ilin 10-14 may tarixlərində keçiriləcəyini və 5 mərhələdən ibarət olacağını deyib.
İcraiyyə Komitəsinin üzvləri yarışın nəzərdə tutulan marşrutları ilə tanış edilib, onlara görülməsi vacib olan işlər haqda ətraflı məlumat verilib.
Zaur Axundov yarışın Təşkilat Komitəsinin rəhbəri vəzifəsinə Sahib Ələkbərovun namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul edilib.
AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov Respublika Velotrekində aparılmış yenidənqurma və təmir işləri barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda federasiyanın yeni rəsmi internet saytı da təqdim olunub, onun dizaynı, funksionallığı və strukturu barədə məlumat verilib.
Daha sonra digər məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
