"Ailəni dağılmış evin altında tapsan, nə edərsən?" - Qvardiola əsəbləşdi
"Sən bizim hansı mövzu barədə danışacağımızı seçmirsən və bu, sənin səlahiyyətlərinə daxil deyil. Lamin Yamalın davranışına isə, sadəcə, qürurlanmaq lazımdır".
"Mediasport" xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola deyib.
İspaniyalı mütəxəssis İngiltərə Premyer Liqasının 31-ci turunun "Kristal Pelas" ilə təxirə salınmış matçından öncə (3:0) keçirilən mətbuat konfransında jurnalistlərdən biri ilə gərginlik yaşayıb.
Onun media nümayəndəsi ilə dialoqu sosial mediada geniş yayılıb:
Müxbir: "Barselona"nın çempionluq paradında Lamin Yamalın Fələstinə dəstək nümayiş etdirərək bu ölkənin bayrağını dalğalandırması haqqında nə düşünürsən? Səncə, futbolçu işi ilə əlaqəsi olmayan məsələlərə qarışmalıdır?"
Qvardiola: "Sənin burada olmağını şərtləndirən əsas məsələ "Kristal Pelas"la oyunla bağlı mənə sual ünvanlamaqdır. Buna baxmayaraq, sənin sualını cavablandıracağam.
Futbolçunu milyonlarla insan izləyir. Bu səbəbdən onların davranışı hər zaman təsirli olur. Məhz elə bu səbəbdən oyunçular da mövqelərini nümayiş etdirməlidirlər. Ailəni dağılmış evin altında tapsan, nə edərsən? Futboldan danışmağa davam edərsən? Əlbəttə ki, yox!"
Rövşən ƏLİSOY
