Federasiya "Sabah"ın oyununun hakimlərinə cəza verəcək - RƏSMİ
Azərbaycan Basketbol Federasiyası (ABF) 10-cu turda “Sabah” - “Abşeron Lions” oyununu idarə etmiş hakimləri cəzalandıracaq.
Bu barədə "Mediasport"a federasiyadan məlumat verilib.
ABF matçda yaşananlara aydınlıq gətirib:
“Azərbaycan Basketbol Liqasının oyunları üç hakim sistemi ilə idarə olunur. Lakin sözügedən qarşılaşmada olduğu kimi ,“fors-major” hallarda FİBA qaydalarına əsasən (FİBA qaydaları 45-ci maddə) oyunun iki hakimlə başlanmasına, üçüncü hakimin oyuna sonradan qoşulmasına və ya görüşün iki hakimlə tamamlanmasına heç bir maneə yoxdur.
Bu səbəbdən müvafiq oyunda yaranmış “fors-major” vəziyyətlə əlaqədar olaraq, oyunun iki hakimlə başlaması hər iki kluba təklif olunmuş və daha sonra klubların qarşılıqlı razılığı əsasında qarşılaşma iki hakimlə başlamış, birinci periodun gedişində üçüncü hakimin oyuna qoşulması ilə görüş üç hakim sistemi ilə davam etdirilərək başa çatdırılıb".
Bildirilib ki, oyunla bağlı qeydə alınan digər məsələ hakimlərin idarəçiliyi ilə əlaqədar olub.
“Aparılan ətraflı təhlil nəticəsində görüş ərzində hər iki komandanın lehinə və əleyhinə həm ciddi, həm də xırda hakim səhvlərinin olduğu müəyyən edilib. Bununla belə, bu səhvlərin matçın yekun nəticəsinə birbaşa təsir göstərmədiyi qənaətinə gəlinib.
Buna baxmayaraq, oyunu idarə edən hakimlər barəsində intizam tədbirlərinin görülməsi və oyun cəzasının tətbiq edilməsi qərara alınıb”.
Qeyd edək ki, son ölkə çempionu “Sabah”ın “Abşeron Lions”a 97:101 hesabı ilə uduzduğu qarşılaşmadan sonra birincilərin baş məşqçisi Rimas Kurtinaytis hakimlərin idarəçiliyinə ciddi etiraz edib.
