"Səhvləri və çatışmazlıqları diqqətlə təhlil edirik" - KAPİTAN

 "Səhvləri və çatışmazlıqları diqqətlə təhlil edirik" - KAPİTAN

"İlk iki oyun bizim üçün kifayət qədər çətin keçdi. Təəssüf ki, istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bunun əsas səbəblərindən biri rəqiblərimizin həm boy, həm də fiziki olaraq üstün olmaları idi".

"Mediasport" xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət milli komandanın kapitanı Vüqar Bayramov deyib.

O, yığmanın növbəti dörd qarşılaşmasından söz açıb:

"Bununla belə, qarşıda bizi daha dörd vacib oyun gözləyir. Hazırda səhvlərimizi və çatışmazlıqlarımızı diqqətlə təhlil edir, növbəti görüşlərə daha yaxşı hazırlaşmaq üçün intensiv çalışırıq. 

İnanıram ki, qarşıdakı oyunlarda daha inamlı çıxış edəcək, daha keyfiyyətli voleybol nümayiş etdirəcək və komandamızın əsl potensialını ortaya qoya biləcəyik".

Xatırladaq ki, millimiz Avropa Liqasının ilk matçında Yunanıstana (0:3) və İsveçə (0:3) uduzub.