Binəqədidə futbolçunu avtobus vurdu, "Tofaş" üstündən keçdi

Keçmiş futbolçu Aqşin Ömərovu avtomobil vurub.
Bu barədə "Mediasport"a veteran oyunçunun qohumları məlumat veriblər.
Bildirilib ki, hadisə sentyabrın 6-da Binəqədi rayonunun DSK adlanan ərazisində - "10 May" küçəsində baş verib.
İctimai nəqliyyatda 91 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Aqşin Ömərovu vuraraq qarşı tərəfə tullayıb. Qarşıdan gələn "Tofaş" markalı avtomobil futbolçunun üstündən keçib.
Ərazidə piyada keçidinin olmadığını bildirən qohumlarının dediyinə görə, hər iki minik vasitəsi bir-biri ilə mübahisə etdikdən sonra hadisə yerindən uzaqlaşıb.
Ətrafdakı insanlar Təcili Tibbi Yardıma məlumat veriblər. A.Ömərov hazırda ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzin ("Semaşko") reanimasiya bölməsində intensiv müalicə alır.
Olayı nəzarətə götürən Daxili İşlər Nazirliyi hadisəni araşdırır. Qaçdığı iddia edilən avtobusun sürücüsü bu gün xəstəxanaya gələrək A.Ömərovun qohumlarına 3 gündür şokda olduğunu deyib.
Qeyd edək ki, karyerası ərzində "Xəzər Universiteti" (sonradan "İnter", “Keşlə”, hazırkı "Şamaxı"), “Simurq” və "Muğan" komandalarında çıxış etmiş Aqşin Ömərov qəzayadək usta işləyib.