AFFA-da məşqçilər ondan asılı olacaq: "Ayaks"ın sabiq üzvünə GENİŞ SƏLAHİYYƏT verildi
AFFA-nın yeni texniki direktoru Edmond Oskar Klausun üzərinə mühüm vəzifə düşəcək.
Bu barədə "Mediasport"a federasiyadan məlumat verilib.
Bildirilib ki, niderlandlı mütəxəssis təkcə aşağı yaş qrupları üzrə milli komandalarla işləməyəcək.
O həm də A milliyə qədər olan yığmalarda çalışan baş məşqçilərə, onların fəaliyyətinə cavabdehlik daşıyacaq.
Uzun illər Çin milli komandaları və "Ayaks" akademiyasında çalışmış Klaus hansı baş məşqçilərin olacağına, kimlərin göndəriləcəyinə, kimlərin vəzifəsində qalacağına dair hesabat hazırlayacaq.
AFFA-da Cahangir Həsənzadəni əvəz edəcək direktor artıq bir neçə gündür Bakıdadır.
O, aşağı yaş qrupları üzrə millilərdə baş məşqçilərin gördüyü işləri analiz edərək rəhbərliyə rəy verəcək.
Xatırladaq ki, hazırda Azərbaycanın U-15 və U-16 millilərinin rəsmi baş məşqçiləri yoxdur, U-17-nin "sükançı"sı Aqil Nəbiyev bura da nəzarət edir.
Həmçinin U-19 yığmamızın baş məşqçi postu boşdur. Gələn il Özbəkistanla birgə U-20 dünya çempionatına hazırlaşan komandamıza portuqaliyalı Rui Jorje gətirilib.
U-21 seçməmizə isə Rəşad Eyyubov rəhbərlik edir.


