AFFA rəhbərliyi UEFA-nın nümayəndəsi ilə görüşdü

 AFFA rəhbərliyi UEFA-nın nümayəndəsi ilə görüşdü

AFFA-nın rəhbərliyi, məşqçilik təhsili şöbəsi, futbolun inkişafı və qadın futbolu üzrə əməkdaşları UEFA-nın texniki inkişaf üzrə məsləhətçisi Frank Ludolf ilə görüşüblər.

"Mediasport" xəbər verir ki, görüş zamanı Azərbaycanda futbolun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, məşqçilərin kütləvi və peşəkar səviyyədə inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Frank Ludolf tərəfindən UEFA-nın futbolun kütləviliyinin artırılması istiqamətində məşqçi inkişafı sahəsində əsas trendləri və gələcək vizyonu barədə fikirlər səsləndirilib.

Müzakirələrdə regionlarda məşqçilərin və məşqçi təlimçilərinin sayının artırılması, məşqçilər üçün davamlı peşəkar inkişaf imkanlarının yaradılması, həmçinin rəqəmsallaşmadan tədris və öyrənmə prosesində səmərəli istifadə kimi məsələlərə toxunulub.

Görüş çərçivəsində məşqçilik təhsili sisteminin daha da təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və yerli futbol mühitinə uyğun tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.