Aqil Nəbiyev: "Futbolçularımız xarakter nümayiş etdirdilər" - VİDEO

Aqil Nəbiyev: "Futbolçularımız xarakter nümayiş etdirdilər" - VİDEO

“Oyuna çox ciddi hazırlaşmışdıq. Yarışın bizim üçün nə qədər önəmli olduğunu bilirik. Bu gün turnirin ən yaxşı komandalarından biri ilə qarşılaşdıq".

"Mediasport" xəbər verir ki, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev deyib.

Mütəxəssis III MDB Oyunlarına qələbə ilə başlayan yığmamızın Tacikistan seçməsi ilə matçı haqda danışıb, 1:0 hesablı qalibiyyəti şərh edib:

"Tacikistan yığmasının bir neçə oyununu təhlil etmişdik. Onlar son olaraq Rusiya yığması ilə heç-heçə etmişdilər. Aqressiv, çox qaçan, mübarizə aparan, texniki bacarığı üstün olan kollektivdirlər. Bizim isə zədə səbəbindən heyətlə bağlı problemlərimiz var idi.

Buna baxmayaraq, komandamız düzgün şəkildə mübarizə apardı. Ev tapşırığından sonra qol vurmağımız da bunu göstərir. Futbolçularımız xarakter nümayiş etdirdilər. Turnirə qələbə ilə başlamaq önəmli idi. Komandamı, azarkeşləri və futbol ictimaiyyətini təbrik edirəm”.

O, A qrupu çərçivəsində oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçiriləcək oyunda da qələbə qazanmaq istədiklərini vurğulayıb:

“Növbəti görüşə qədər üç gün vaxtımız var. Qırğızıstanla qarşılaşmaya da qələbə qazanmaq üçün çıxacağıq. Məqsədimiz finala yüksəlmək və çempion olmaqdır.

Buna gücümüz çatar. Sadəcə olaraq, qarşıdakı matçlarda daha diqqətli çıxış etməliyik. Məsələn, bu gün 4-5 yüz faizlik qol şansını əldən verdik. Son zərbələrdəki çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.