III MDB Oyunları: Azərbaycan 2-ci pillədəki mövqeyini qoruyur
Azərbaycanda keçirilən III MDB Oyunlarında 5-ci yarış gününün ardından medal sıralamasında növbəti dəyişikliklər olub.
"Mediasport" xəbər verir ki, günü iki qızıl medalla başa vuran Azərbaycan ikinci sıradakı mövqeyini qoruyub.
Ölkəmizin aktivində hazırda ümumilikdə 56 medal (7 qızıl, 18 gümüş, 31 bürünc) var.
Qızıl medalları taekvondoçular Vasif Səlimov (58 kq), Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq), Məryəm Məmmədova (53 kq), samboçular Abdullətif Musayevlə (53 kq) Nihad Rəhimov (64 kq) və üzgüçü Oqtay Hüseynov (400 metr məsafəyə qarışıq üzmə) qazanıb.
Gümüş medalı üzgüçülər Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsulla üzmədə və 200 metr sərbəst üsulla üzmədə), Oqtay Hüseynov (200 metr məsafəyə kəpənək üsulla üzmədə) və Mehri Əbdürrəhmanlı (200 metr məsafəyə kəpənək üsulla üzmədə), atıcılar Nərmin Cəfərova, Mürtəza Novruzlu, Cavid Həsənov, taekvondoçular Elcan Əliyevlə (74 kq) Ümid Rəhimzadə (54 kq), samboçular Rüstəm Qasımzadə (58 kq), Əbubəkir Hüseynov (98 kq) və Rəsul Səmədli (98 kq), stolüstü tennisçilərdən üç komandamız, eləcə də fərdi yarışmada Adil Əhmədzadə, Onur Quluzadə və Mərziyyə Nurmətova əldə ediblər.
Bürünc medalları isə üzgüçülər Mehri Əbdürrəhmanlı (100 metr məsafəyə kəpənək üsulu ilə üzmə), Yeqor Maynitskiy (200 metr məsafəyə fərdi qarışıq və 200 metr məsafəyə bras üsulu), Anastasiya Qnussina (200 metr məsafəyə kəpənək üsulu ilə üzmə), eləcə də oğlanlardan ibarət milli komanda (4x200 metr məsafəyə sərbəst üsul), atıcılardan Cavid Həsənov/Cəmilə Paşayeva cütü, Mürtəza Novruzlu ilə Nərmin Cəfərova (səngər stendi üzrə qarışıq komanda) və Daniella Ulanova (dairəvi stend), stolüstü tennisdə iki komanda, fərdi yarışda Yağmur Məmmədli, taekvondoçular Allahverdi Məmmədov (87 kq), Zeynal Əliyev (87 kq), Səlimə Quliyeva (46 kq), Tamerlan Yaqubov (54 kq), Nilufər Borci (53 kq), Nərgiz Kazımova (62 kq), Zemfira Həsənzadə, Səmərrux Osmanova (hər ikisi 49 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (hər ikisi 67 kq), Rza Əsədli (80 kq), Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kq), Xan Məmmədzadə (+87 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kq) və samboçular Mikayıl Əmirov (71 kq), Sadiq Nadirov (79 kq) və Xəzər Əmrahlı (88 kq) qazanıblar.
Rusiya əvvəlki kimi sıralamanın lideridir. Şimal qonşularımız aktivlərinə 69 medal (47 qızıl, 13 gümüş, 9 bürünc) yazdırıblar.
Üçüncü pillədə qərarlaşmış Belarus 40 medal (7 qızıl, 16 gümüş, 17 bürünc) qazanıb.
13 iştirakçı ölkə arasından Qazaxıstan da qızıl medal hesabını açıb. İndiyədək ümumilikdə 7 respublika təmsilçiləri medal qazanıblar.
Xatırladaq ki, Oyunlara oktyabrın 8-də yekun vuurlacaq.
