Azərbaycan boksçuları III MDB Oyunlarında 24 medal qazandı

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarına yekun vurulub.
"Mediasport" xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirin son günündə oğlan boksçular qalibləri müəyyənləşdiriblər.
Finalda mübarizə aparam millimizin 5 idmançısının hər biri qələbə qazanaraq, komandamızın aktivinə daha 5 qızıl medal əlavə ediblər.
Qardaş Rəhimov (46 kq) həlledici görüşdə Utkırbek Norkosimovdan (Özbəkistan) güclü olub. O, rəqibini 3:2 (29:28, 28:29, 27:30, 29:28, 30:27) hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Millimizə növbəti qızıl medalı Əli Əliyev (48 kq) qazandırıb. O, finalda Azamjon Hasanovdan (Tacikistan) güclü olub – 3:2 (29:28, 27:30, 29:28, 30:27, 27:30).
Əli Abaslı (52 kq) da MDB Oyunlarında bütün rəqiblərinə qalib gəlib. O, həlledici qarşılaşmada Ediqe Nurqoja (Qazaxıstan) üzərində 3:2 (27:30, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanaraq növbəti qızıl medalımızı rəsmiləşdirib.
Şahin Aslanov (60 kq) Otabek Nurmahamadovla (Özbəkistan) döyüşü aktivinə yazıb. Boksçumuz rəqibini 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə məğlub edib.
Səfdər Məmmədzadə (+80 kq) də komanda yoldaşlarının uğurunu təkrarlayıb. O, Farxodjon Bahadırova (Özbəkistan) 4:1 (29:28, 30:27, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gəlib.
Beləliklə, oğlanlardan ibarət millimiz MDB Oyunlarını 5 qızıl, 9 bürünc medalla başa vurub.
Bununla da komandamızın hesabındakı medalların sayı 24-ə yüksəlib. Onlardan 6-sı qızıl, 5-i gümüş və 13-ü bürünc olub.
Daha öncə Gülər Hüseynova (48 kq) da birinci yeri tutub. Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq), Fidan Bakarova (63 kq) gümüş, Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq), Azərpur Mirruqəyya (57 kq), Səma Abbasova (66 kq), Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Toğrul Quliyev (60 kq), Haqverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq) və İsmayıl Vəliyev (80 kq) isə MDB Oyunlarında bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan millisi 24 medalla bu yarışın tarixində ilk dəfə yiyələnib.
Medalların əyarında da əvvəlki iki Oyunlarla müqayisədə yeni rekord vurulub. Həmçinin boksçularımız ilk dəfə qızıl medallara da yiyələniblər.