Azərbaycan cüdoçuları III MDB Oyunlarında 21 medal qazandılar

Azərbaycan cüdoçuları III MDB Oyunlarının fərdi yarışlarını 21 medalla başa vurublar.
"Mediasport" xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan fərdi yarışların son günündə 16 çəki dərəcəsi üzrə 28 idmançımız tatamiyə çıxıb.
Yığmamız toplamda 5 qızıl, 7 gümüş və 9 bürünc olmaqla 21 medal qazanıb.
Gülşən Hüseynova (-44 kq), Könül Eyvazlı (-48 kq), Nərmin Ağamirzəzadə (-52 kq), Zeyd Ələsgərov (-60 kq) və Fəxri Sahibzadə (-66 kq) çempion olublar.
Sunay Salamova (-40 kq), Nəzakət Vəliyeva (-57 kq), Məhəmmədəli Hüsüyev (-55 kq), Röyal Qayıbov (-60 kq), Hüseyn Hüseynov (-60 kq), Məhəmməd Ağakişiyev (-81 kq) və Sübhan Axundov (+90 kq) gümüş mükafata sahib çıxıblar.
Bürünc medalları isə komandamızın aktivinə Xədicə Abdullayeva (-44 kq), Aysun Məmmədova (-52 kq), Fidan Cəlilli (-70 kq), Zemfira Əliyeva (+70 kq), Anar Quliyev (-50 kq), İbrahim Talıbov (-55 kq), Sadiq Məmmədov (-73 kq), Nurəddin Əliyev (-90 kq) və Tunar Fərzəliyev (+90 kq) yazdırıblar.
Millimiz bu nəticə ilə fərdi yarışları ümumi komanda hesabında ikinci, qızların mübarizəsində birinci pillədə tamamlayıb.
Qeyd edək ki, Oyunlarda 6 ölkəni təmsil edən 91 cüdoçu (50 oğlan, 41 qız) mübarizə aparıb.