"Azərbaycan milli komandası başa düşülməyən bir futbol oynayır"

"Ukrayna yığmasının futbolçularının səviyyəsi Azərbaycan millisinin oyunçularından daha yüksəkdir. Ukrayna futbolçularının çoxu ciddi Avropa klublarında çıxış edir".
"Mediasport" xəbər verir ki, bunu "Qəbələ" və "Neftçi"nin sabiq baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis yerli mətbuata açıqlamasında bu axşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində həmyerlilərinin Azərbaycan millisi ilə oyunu haqda düşüncələrini bölüşüb.
O, ukraynalıların qələbə qazanacaqlarına inandığını qeyd edib:
"İslandiya ilə oyunda mənim diqqətimi bir məqam çəkdi, Komandada ötən ayla müqayisədə dəyişiklik, yenilənmə hiss olunurdu. Futbolçular meydanda qələbə uğrunda sona qədər vuruşurdular. Fikrimcə, Azərbaycan üzərində də qələbə qazanacaqlar".
Yığmamızın heyətində yaxşı futbolçuların olduğunu vurğulayan Qriqorçuk Azərbaycan milli komandasının uzun müddətdir qalib gələ bilməməsini belə izah edib:
"Azərbaycan millisinin oyunçuları texnikalı və kifayət qədər səviyyəli futbolçulardır. Sadəcə, onlar tam başa düşülməyən bir futbol oynayırlar. Mənə görə belədir. Bəlkə də məşqçinin tapşırığıdır.
Amma onlar fərqli - daha yaradıcı, daha çox hücum yönümlü oynamalıdırlar. Son izlədiyim oyunlarda daim müdafiə olunurlar. Məncə, belə olmamalıdır.
Çünki heyətlərində “Kayzerslautern”də çıxış edən Mahir Emreli, Emin Mahmudov kimi keyfiyyətli oyunçular var. Topu tamamilə rəqibə verib müdafiədən oynamaqları mənim üçün anlaşılmazdır.
Məşqçini tənqid etmirəm, sadəcə, kənardan gördüyümü deyirəm. Belə təəssürat yaranır ki, futbolçular meydanda oynamaqdan zövq almırlar".
Xatırladaq ki, Ukrayna - Azərbaycan görüşü Bakı vaxtilə saat 22:45-də başlanacaq.