“Bakı-Xankəndi” yarışının Təşkilat Komitəsinin iclası keçirildi - FOTO
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin ilk iclası keçirilib.
"Mediasport" xəbər verir ki, Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov Prezident İlham Əliyevin digər idman növləri ilə yanaşı, velosiped idmanının inkişafına da böyük diqqət və qayğı göstərdiyini bildirib.
O qeyd edib ki, Bakı Veloparkının açılışı zamanı ölkə başçısının xüsusi olaraq vurğuladığı kimi, velosiped həm maraqlı və cəlbedici idman növüdür, həm də şose üzrə velosiped yarışları onların keçirildiyi yerlərin gözəlliklərinin geniş tamaşaçı kütləsinə çatdırılması üçün müstəsna imkanlara malikdir.
2013-2017-ci illərdə Azərbaycanda hər il Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şose üzrə beynəlxalq velosiped yarışlarının, 2018-ci ildə isə Bakıda velosipedin BMX növü üzrə dünya çempionatının böyük uğurla keçirildiyini xatırladan Sahib Ələkbərov 2015-ci ildə “Eurosport” kanalının hazırlayıb efirə verdiyi videoçarxı təqdim edib.
Sonra o, COVID-19 pandemiyası və bəzi digər səbəblərdən son illər bu sahədə müəyyən boşluqlar yarandığını qeyd edərək, cari ilin may ayında Velosiped Federasiyasının yeni rəhbərliyi seçildikdən sonra ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq, velosiped idmanının əvvəlki səviyyəsinin bərpa olunması üçün görülmüş işlər barədə qısa məlumat verib.
Vurğulanıb ki, velosiped idmanının maddi-texniki bazası gücləndirilib, 12 şəhər və rayondakı idman məktəblərinin bazasında velosiped bölmələri yaradılıb. Ulu Öndərin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped yarışının bərpa olunması ilə bağlı Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) müraciət edilib.
Bu ilin noyabr ayında yarış “Baku-Khankendi Azerbaijan Cycling Race” adı altında UCI-nın 2026-cı il üçün təqvim-planına daxil edildikdən sonra qısa müddət ərzində 18 ölkədən 21 komandanın iştirakı rəsmi şəkildə təsdiqlənib.
İştirakçılar arasında 1 Dünya Turu komandası, 7 Pro-Tur komandası, 12 kontinental komanda və Azərbaycan yığma komandası yer alır. Bu komandaların siyahısı ilə tanışlıqdan sonra “Bakı-Xankəndi” velosiped yarışının loqosu təqdim edilib.
S. Ələkbərov bildirib ki, planetin ən nüfuzlu idman kanalı “Eurosport”la əldə olunmuş razılığa əsasən, 5 gün ərzində yarışın bütün mərhələləri gündüzlər canlı olaraq, hər mərhələdən sonrakı axşam isə ən baxımlı vaxtlarda icmal şəklində 1 saat ərzində bütün dünyaya yayımlanacaq.
Sonra yarışın mərhələlərinin marşrutları təqdim olunub:
10.05.2026
I mərhələ: “Sea Breeze”dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158,7 kilometr)
11.05.2026
II mərhələ: Bakı – Şamaxı – İsmayıllı (193,2 kilometr)
12.05.2026
III mərhələ: Qəbələ – Oğuz – Şəki – Mingəçevir (163,3 kilometr )
13.05.2026
IV mərhələ: Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,7 kilometr )
14.05.2026
V mərhələ: Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,3 kilometr )
İclasda yarışla bağlı təhlükəsizlik, yol infrastrukturunun hazırlığı, nəqliyyatın hərəkətinin tənzimlənməsi, tibbi təminat, media fəaliyyəti və iştirakçı komandaların logistika məsələləri ətraflı müzakirə olunub.
“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının ölkəmizin turizm və idman potensialını, beynəlxalq idman tədbirlərinin təşkili sahəsində əldə etdiyi təcrübəni, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proseslərini dünya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyəti bir daha vurğulanıb və onun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün konkret tapşırıqlar verilib.
Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.


