Ehtiram Quliyev göstəriş verdi: Media ilə əməkdaşlıq dayandırıldı
Qeyri-sabit çıxışları ilə diqqət çəkən "Turan Tovuz"dan yeni xəbərlər gəlməkdədir.
Redaksiyamıza verilən informasiyaya görə, klubun Müşahidə Şurasının sədri Ehtiram Quliyev media qurumları ilə rəsmi əməkdaşlığın dayandırılmasını göstəriş verib.
Mətbuatda komandaya dəstəyin az olmasından gileylənən biznesmen illərdir Azərbaycan futbolunun təbliğatı ilə məşğul olan saytların hamısı ilə əlaqələri tam kəsmək istəsə də, startda riskə getməyib.
İlkin olaraq 8 idman saytı ilə müqavilə uzadılmayıb.
Azmış kimi, bugünlərdə daha bir sponsorla milyonluq müqavilə bağlayan iş adamı kifayət qədər ümumi büdcə, maliyyə imkanları olmasına baxmayaraq, akademiyada çalışan məşqçilərin də maaşlarının artırılmayacağını elan edib.
Maraqlısı burasındadır ki, yaxın ətrafının komandaya sırıdığı yüksəködənişli legionerlərə verilən yüzminlərin hesabını sormayan, Kurban Berdiyev kimi müddəti çoxdan bitmiş baş məşqçini yola sala bilməyən başqan acığını 300-400 manat qarşılığında rəsmi əməkdaşlıq etdikləri mediadan çıxmaq qərarına gəlib.
Quliyevin yan-yörəsində dolaşan bəzi futboldan bixəbər dəllalar da onu inandıra biliblər ki, yüzminlərlə dollar qarşılığında müqavilə bağladıqları David Tavareş və İbrahima Vaci kimi əcnəbilər yüksək keyfiyyətli futbolçulardır, sadəcə, media onları yararsız-faydasız kimi təqdim edir.
Xatırladaq ki, 10 milyon manatdan çox büdcəsi olan "Turan Tovuz" maliyyə imkanları və şəraitinə görə Azərbaycanın 4 klubundan biri olsa da, komandanın sərgilədiyi praqmatik futbol, qeyri-sabit nəticələri azarkeşləri hiddətləndirib.
Təsadüfi deyil ki, 1 tur əvvəl özündən qat-qat zəif "Kəpəz"ə səfər məğlubiyyətindən sonra Tovuzdan Gəncəyə təşrif buyurmuş azarkeşlər baş məşqçinin istefasını tələb etmişdilər.
Mediasport.com.az

