İstanbul polisi növbəti əməliyyatla bir neçə futbol adamını həbs etdi
Türkiyə futbolunda mərc oyunları qalmaqalı davam edir.
"Mediasport" xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu aparılan istintaq çərçivəsində bu gün daha bir neçə əməliyyat keçirib.
Adları rəsmən açıqlanmasa da, çox sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb.
Daha əvvəl hakimlərlə yanaşı, Superliqa və I Liqadan ümumilikdə 102 futbolçu mərc oyunlarında iştiraka görə diskvalifikasiya edilib.
Cəzalandırılanlar arasında “Galatasaray” və “Trabzonspor”un futbolçuları da var.
İstanbul klubundan Metehan Baltacı 9 ay, Eren Elmalı isə 45 gün futboldan uzaqlaşdırılıb. “Trabzonspor”dan isə Boran Başqan 3 ay, Salih Malkoçoğlu 45 günlük cəza alıb.
Xatırladaq ki, Azərbaycan millisinin sabiq futbolçusu Mert Çelik də 45 günlük cəzaya məruz qalanlar sırasındadır.
