VİDEO: Millətlər Liqasında kritik matçöncəsi şou-biznes liqası?

VİDEO: Millətlər Liqasında kritik matçöncəsi şou-biznes liqası?

UEFA Millətlər Liqasının C4 Divizionunda liderlik uğrunda yarışan Azərbaycanın qadınlardan ibarət A milli komandası sonuncu - 4-cü tur çərçivəsində Litva ilə kritik matça hazırlaşır.

Baltikyanı ölkədən olan rəqiblərini mayın 30-da Bakıda qəbul edəcək Siyasət Əsgərovun yetirmələri liderlik iddiası üçün rəqibə mümkün qədər çox top vurmaqla qalib gəlməlidirlər.

3 komandalı qrupda 1-ci yeri tutacaq kollektiv B Divizionuna yüksələcək.

Yığmamızın əsas rəqibi Monteneqro futbolçularının da aktivində 5 xal var və onlar litvalılarla iyunun 3-də səfərdə qarşılaşacaqlar.

Monteneqro seçməsi indiyədək keçirdiyi matçlarda daha çox top vurduğuna görə hazırda qrupda 1-ci sırada qərarlaşıb.

Bir sözlə, Azərbaycan yığması Mərdəkanda hava-su qədər vacib görüşə çıxacaq. Bu mənada futbolçuların fiziki durumu, hazırlıq səviyyəsi, idmançı rejimi mütləq qaydasında olmalıdır.

Lakin müşahidələrimiz belə deməyə əsas verir ki, komandamızın əksər futbolçuları bu oyuna ciddi yanaşmırlar, yaxud matçın əhəmiyyətini dərk etmirlər. Ya da özlərindən çox arxayındırlar.

Son illər ciddi yüksəlişdə olan və ötən seçmə mərhələdə qrup birincisi kimi pley-offa qədər irəliləyən millimiz, deyəsən, Litvaya 5-6 topu asanlıqla vuracağına inanır.

Belə olmasaydı, millinin aparıcı futbolçuları - Manə Mollayeva, Alina Nəhmədova, Coşqunə Əliyeva və Fidan Cəfərova bu aralar şou-bizneslə baş qatmazdılar. Tək şou-biznes olsa, dərd yarıdır.

Hamısı kişi olmaqla, bir qrup aktyor, tiktoker, bloger və veteran futbolçunun iştirakı ilə keçirilən biznes və əyləncə xarakterli turnirə qatılan yığmamızın və "Neftçi"nin 4 əsas üzvü kritik oyun qabağı zədələnməkdən belə, çəkinmir.

Hərçənd onlardan biri - Fidan Cəfərova məhz bu oyunların birində zədə alıb. Yarımmüdafiəçinin zədəsinin nə qədər ciddi olduğu bilinməsə də, hər halda komanda üzvlərinin hazırlığına baş məşqçi Siyasət Əsgərov cavadehlik daşıyır.

Ümumiyyətlə, belə məsul oyun qabağı hansısa əyləncə matçlarında meydana çıxıb kişi həmkarları ilə çiyin-çiyinə mübarizə aparmaq nə dərəcədə peşəkar davranışdır, bu da ayrı bir sualdır.

Görünür, milli komandanın Litva ilə səfərdəki oyununa gec gəldiyi üçün UEFA tərəfindən sanskiyaya məruz qalan məşqçi ya "ulduz xəstəliyi"nə tutulub, ya artıq işinə başdansovdu yanaşır, ya da AFFA-nın cəriməni ödəmək üçün nə çox 5 min avrosu...

https://youtube.com/shorts/1E_H4voN0HI?si=gyQ512i2OQQrLK2y

Mediasport.com.az