Millimizin DÇ-də 12 xalla qrupda qalmasının səbəbi açıqlandı

Millimizin DÇ-də 12 xalla qrupda qalmasının səbəbi açıqlandı

Qadın futbolçular arasında DÇ-2027-nin Avropa zonası üzrə seçmə mərhələsində qrup ikincisi olan Azərbaycan milli komandasının pley-offa vəsiqə qazana bilməməsinin səbəbi müəyyənləşib.

Bu barədə "Mediasport"a yığmanın baş məşqçisi Siyasət Əsgərov məlumat verib.

C Liqasının 3-cü qrupunda 12 xalla 2-ci olan futbolçularımızın əldə etdiyi bütün xalların yekunda hamısı nəzərə alınmayıb.

Bu, pley-offa yalnız iki ən yaxşı qrup ikincisinin yüksəlmək şansı olduğuna görə belə alınıb.

C Liqasında qrupların tərkibi fərqli sayda iştirakçılardan formalaşdırılıb.

Bir qrupda 3 komanda, bizim və Xorvatiyanın qrupunda isə 4 rəqib var idi. Ona görə komandaların qrup sonuncuları ilə görüşlərinin nəticələri ləğv edilib.

Azərbaycanın yer aldığı qrupda autsayder Andorra üzərində hər iki qələbəsinə görə verilən 6 xalı buna görə silinib.

Nəticədə yığmamızım xal göstəricisi 6 olaraq hesablanıb.

Xorvatların isə Cəbəllütariqlə matçlarındakı 6 xalı nəzərə alınmayıb və "damalılar"ın aktivində 9 xal qalıb.

3 komandalı qrupda yarışan Qazaxıstanın isə bütün görüşlərinin nəticələri ədalətli prinsip naminə hesablanıb və komanda yekunda 7 xal toplayaraq Azərbaycanı qabaqlayıb.

Xatırladaq ki, qrupda lider Macarıstana hər iki dueldə uduzan Azərbaycan millisi iki qələbəni də Şimali Makedoniya seçməsi üzərində qazanıb.

Yekunda C Liqasından Litva, Kosovo, Xorvatiya, Macarıstan, Yunanıstan, Rumıniya, Belarus və Qazaxıstan milliləri pley-offda yarışmaq şansı əldə ediblər.