"Limitin ləğvi bizim gəncləri məhv etdi" - Əfiqə Məmmədova

"Limitin ləğvi bizim gəncləri məhv etdi" - Əfiqə Məmmədova

"Muradla bağlı həmişə müsahibələrimdə demişəm ki, ayaq açıb gəzəndən futbolla nəfəs alıb. Biz də onu 7 yaşından aparıb "Neftçi" klubuna yazdırdıq. Elə ilk seçim günündə seçildi və 3 gündən sonra "Sabahın ulduzları" turnirində iştirak etdi. Kubok qazandılar. Yaxşı oyunçu seçildi, diplom aldı".

Bu sözləri "Mediasport"a açıqlamasında karyerasını Kiprin "Pafos" klubunda davam etdirən U-21 Azərbaycan milli komandasının futbolçusu Murad Məmmədovun nənəsi Əfiqə Məmmədova deyib.

60 ildən çoxdur futbol azarkeşi olan Əfiqə xanım nəvəsinin karyerası haqda maraqlı məlumatlar verib.

O, vaxtilə Muradın qarşısını kəsənlərin də olduğunu vurğulayıb:

"İlk məşqçiləri Tural və Vüqar müəllim olub. Bu illər ərzində Muradın akademiyada çox məşqçiləri olub. Onların Muradın yetişməsində zəhmətləri böyükdür. Hamısına təşəkkür edirəm.

Muradı çox "sındırmaq" istəyənlər də oldu. Ancaq o, qarşısına qoyduğu məqsədindən geri çəkilmədi.

Biz də ailəsi kimi ona dəstək olduq, tək qoymadıq. Onun sınmasına, həvəsdən düşməsinə imkan vermədik. Həmişə məşqlər etdi, öz üzərində çalışdı, əlavə məşqlər keçdi".

Əfiqə Məmmədova "Neftçi"nin baş məşqçisi olan zaman Samir Abasovun Murada güvənmədiyini, ona şans vermədiyini qeyd edib:

"Samir Abasov 9 tur Muradı oyuna buraxmadı. Ancaq Murad sınmadı, əyilmədi. Futbola sevgisi onu yaşatdı.

Qədir Həsənova təşəkkürümü bildirirəm. Muradın meneceri kimi çox əziyyət çəkdi və Muradın xaricə çıxmasına kömək etdi".

O, Azərbaycanda legioner limitinin ləğvinin gənc yerlilərin əleyhinə olduğunu bildirib:

"Limitin ləğvi bizim gəncləri məhv etdi. 12 klubun hamısında əcnəbi futbolçular oynayır. Onların 70 faizi heç də yaxşı çıxış etmir.

Yaxşı oynasaydılar, klubları geri qalmazdı. Ancaq onların yerinə yerli gənclərimiz oynasaydılar, iki-üç il çətinlik olacaqdı. Daha sonra inkişaf edib irəli gedəcəkdilər.

Bizim çox yaxşı, canavar kimi gənclərimiz var. 18-19 yaşına kimi oynayırlar, daha sonra isə oynamağa klub tapmırlar. Tək məşqlə futbolçu olmaq olmaz, oynamaq lazımdır".

Stajlı futbol azarkeşi yerlilərə şans verməyin vacib olduğuna toxunub:

"Deyirlər ki, rəqabət olsun. Meydana çıxıb oynamırsa, necə rəqabət ola bilər?

İki il əvvəl "Neftçi-2"də yeddi-səkkiz yaxşı oyunçu var idi. Hamısı dağılıb getdi. Limitin ləğvi mənim fikrimcə çox böyük səhv idi.

Heç olmasa, oyunçuların nisbətini 60 faizə 40 faiz etsəydilər, yaxşı olardı. Gənclərimiz məhv oldu.

İki ildən sonra milli komandaya oyunçu tapılmayacaq. Gənclərimizdən istifadə edib oynatmaq lazımdır. Onlarla məşğul olmaq, şans vermək lazımdır".