"Nəticədən razı qalsam da, oyunun gedişində bəzi səhvlərimiz də oldu"

"Toplanış çərçivəsində ilk oyunumuz idi. Gərgin mübarizəyə şahidlik etdik. İslandiya güclü rəqib idi. Buna baxmayaraq, uşaqlar yaxşı xarakter göstərdilər, hər birinə alqış düşür".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycanın U-19 millisinin baş məşqçisi Elxan Abdullayev komandasının "Slovenia Nations Cup" turniri çərçivəsində İslandiya ilə keçirilən oyunundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
O, futbolçuların əzmkar mübarizə apardığını söyləyib:
"İki gözəl qol vurduq. Nəticədən razı qalsam da, oyunun gedişində bəzi səhvlərimiz də oldu. Bu səhvlərin üzərində işləyəcəyik. Futbolçularımızı təbrik edirəm, qarşıdakı matçlarda onlardan daha yaxşı mübarizə gözləyirəm".
Elxan Abdullayev beynəlxalq turnirdəki rəqibləri millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərinə bənzədib:
"İslandiya ilə oyunu artıq unudub, əvvəlcə Farer adaları, ardından isə Polşa ilə görüşə hazırlaşmalıyıq. Bildiyiniz kimi, noyabrdakı seçmə mərhələdə Çexiya, Şimali İrlandiya və Malta ilə qarşılaşacağıq. Yoxlama oyunları üçün də məhz bu komandaların üslubuna bənzər rəqiblər seçmişik. Ümumilikdə təşkilatçılıqdan çox razıyıq. Toplanış üçün çox yaxşı şərait yaradılıb".
Xatırladaq ki, U-19 millimiz turnir çərçivəsində növbəti oyunlarını sentyabrın 6-da Farer adaları, 9-da isə Polşanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.