Peşəkar Futbol Liqası AMADA-nın “Ədalətli İdman Həftəsi”nə qoşuldu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Ümumdünya Antidopinq Agentliyinin (WADA) 11 Aprel – Ədalətli İdman Günü təşəbbüsünə qoşularaq 7-13 aprel tarixlərini ölkəmizdə “Ədalətli İdman Həftəsi” elan edib.
"Mediasport" xəbər verir ki, bu təşəbbüs çərçivəsində Peşəkar Futbol Liqası da təmiz idman dəyərlərinə və ədalətli oyun prinsiplərinə dəstək göstərərək AMADA ilə həmrəylik nümayiş etdirib.
Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində keçirilən "Səbail" - "Qarabağ" və "Neftçi" - "Zirə" oyunlarında üzərində WADA-nın bu il üçün elan etdiyi “Ədalətli yarış səndən başlayır” şüarı yazılmış pankart açılıb.
Bu təşəbbüs idmanda ədalətli yarış prinsiplərinin təşviq olunmasına, dopinqə qarşı mübarizənin gücləndirilməsinə və idmançılar arasında dürüstlük, şəffaflıq kimi dəyərlərin möhkəmlənməsinə xidmət edir.
Eyni zamanda, ictimaiyyətin və idman qurumlarının diqqətini təmiz idmanın vacibliyinə cəlb edərək, gələcək nəsil idmançıların sağlam və ədalətli mühitdə yetişməsinə töhfə verir.