"Qarabağ" - "Araz-Naxçıvan" matçında olanlara şərh verdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ" və "Araz-Naxçıvan" komandaları arasında baş tutan cavab oyununda qeydə alınan mübahisəli epizodları şərh edib.
"Mediasport" xəbər verir ki, belçikalı funksioner görüşün 44-cü dəqiqəsində Ağdam təmsilçisinin heyətində sarı vərəqə alan Yassin Benzianın sarı vərəqə almasının doğru qərar olduğunu bildirib:
"Yassin Benzia meydanın mərkəzində top uğrunda mübarizə apararkən topa vurmaq istəyir, lakin sol ayağı ilə “Araz-Naxçıvan”ın futbolçusunun ayağına dəyir. Hakim bunu düşüncəsiz hərəkət kimi qiymətləndirir və sarı vərəqə göstərir. Bu, aşağı intensivli və aşağı təsirli yüngül “kontakt” olduğu üçün düşüncəsiz oyuna görə verilmiş sarı vərəqə düzgün qiymətləndirmədir.
Əgər bu, tam “kontakt”, yüksək intensivlik və təsirlə edilən müdaxilə olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi".
Mütəxəssis 64-cü dəqiqədə "Araz-Naxçıvan"ın futbolçusunun yerə yıxılmasından sonra "Qarabağ"ın qol vurmasının qaydalar çərçivəsində olduğunu qeyd edib:
"Sürətli qaçış və top uğrunda mübarizədə “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos yıxılır. Yaxşı mövqedə olan hakim oyunu davam etdirir və növbəti hücumda “Qarabağ” qol vurur.
VAR qoldan sonra görüntülərə baxır, həmçinin əvvəlki epizodu yoxlayır, “Araz-Naxçıvan”ın oyunçusuna qarşı qayda pozuntusu olmadığını müəyyən edir (APP). Qol düzgün şəkildə təsdiq edilir".
Frank De Blekere 75-ci dəqiqədə Naxçıvan təmsilçisinin qapısına təyin olunan penalti epizoduna belə şərh verib:
“Qarabağ”ın hücumu zamanı Leandro Andrade cərimə meydançasında hərəkət edir. O, ötürmə verir və top əvvəlcə “Araz-Naxçıvan”ın müdafiəçisi Urfan Abbasovun bədəninə, sonra isə qoluna dəyir. Hakim penalti qərarı verir. Əgər top əvvəl bədəndən gəlirsə, qol çiyindən yuxarı mövqedədirsə və topa doğru hərəkət edirsə (UEFA Təlimatlarına əsasən), penalti qərarı düzgün hesab olunur".
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab matçlarında "Qarabağ" "Araz-Naxçıvan"ı 3:0 (ilk görüş - 0:1) hesabı ilə məğlub edib. "Sabah" - "Neftçi" görüşündə isə tərəflər hərəyə bir dəfə fərqləniblər (ilk oyun - 2:1).