Sadıqovdan növbəti avtoqol - YAZI

Azərbaycanın avrokubok iştirakçılarından yalnız "Zirə" mübarizəni ilk mərhələdə dayandırdı.
Buna baxmayaraq, idman mətbuatında, həmçinin ictimaiyyətin bəzi nümayəndələri arasında sanki Rəşad Sadıqovun komandası haqda müsbət imic formalaşdırılması kampaniyası aparılır. Hərçənd "qartallar"ın nüfuzu o qədər də aşağı deyil ölkədə.
Sadəcə, elə təəssürat yaradılır ki, sanki "qartallar" Konfrans Liqasında "Böyük beşlik" ölkələrindən birinin təmsilçisi ilə qarşılaşıb, inanılmaz əzmkarlıq göstərib və sonda məğlub olub.
Bəzi zümrə müstəqillik dönəminin ən yaxşı iki futbolçusundan biri olmuş, ən çox avtoqolla yadda qalmış Rəşad Sadıqovun məşqçilik bacarığını tənqid etməkdən çəkinir, bəzisi özünü gözə soxmaqdan ötrü gördüyünü demir, deyə bilmir, yazmır, yaza bilmir və.s.
Amma qətiyyət və əminliklə deyə bilərik ki, Xorvatiyanın "Hayduk" komandasına ikili oyunda məğlubiyyət məhz Rəşad Sadıqovun adına yazılmalıdır. Belə desək, millinin keçmiş kapitanı növbəti dəfə avtoqolla yadda qaldı.
Əvvəla, müasir futbolda taktikanı-planı bir oyunçu üzərində quran komanda, demək olar, yoxdur. "Zirə" Bakıda bunun qurbanı oldu. Yeni transfer Brahim Konate matçın əvvəlində zədələnib çıxan kimi qəsəbə təmsilçisinin bütün sistemi pozuldu, çökdü. Nəticədə 90 dəqiqəyə qapımıza doğru bir zərbə ilə bir qol vuran qonaqlar lazım olan hesabı əldə etdilər. Bu, Sadıqovun ilk səhv seçimi.
İkincisi, "Hayduk" nə "Atletik"dir, nə "Tottenhem"dir, nə "Roma"dır, nə "Lion"dur, nə də "Frayburq". Hətta bu komandalar belə, "Böyük beşlik" liqalarının əsas təmsilçiləri sayılmırlar. O zaman bu, "Hayduk"u nə şişirtmə kampaniyasıdır ki, belə? Split klubu heç Zaqreb "Dinamo"su, hətta son çempion "Riyeka" da deyil axı. Sadıqov səfərdəki oyundan sonra keçirilən mətbuat konfransında elə açıqlamalar verdi, rəqibi elə təriflədi ki, anlıq "Mançester Siti" ilə oynadıqlarını düşünür adam.
Olmaz, dəyərli Sadıqov, bu qədər süni şişirtmə, sözün hər mənasında özündənrazılıq olmaz. Artıq şeylərdir bunlar.
Meydana buraxılan heyətin 95-97 faizi legionerlər oldular. Düşərgədə yer alan 12 azərbaycanlıdan (Aydın Bayramov, Səlim Həşimov, Rövlan Muradov, Elçin Əlicanov, Fuad Bayramov, Qismət Alıyev, Yusif Hacıyev, İsmayıl İbrahimli, Hacıağa Hacılı, Ceyhun Nuriyev, Əhliman Süleymanzadə və Ramiz Muradov) yalnız 6-nı meydanda gördük ki, Hacıağanın da məcburiyyətdən oyuna buraxıldığı aydındır. Bu qədər legionerlə Avropanın üçüncü dərəcəli klub yarışında bir mərhələ keçə bilmirsinizsə, bu da sizin adınıza yazılmalıdır, yoldaş Sadıqov. Azərbaycanlı futbolçuların keyfiyyətinin aşağı olması bizim problemimiz deyil. Heyəti toplayan, quran, formalaşdıran sizsiniz.
"Zirə" onsuz baxımlı futbol oynamır, aydındır. Planın əsasən nəticəyə hesablanması üzərində qurulan sistemi də normal başa düşmək olar. Amma nəticə yoxdursa..."Zirə" "Hayduk" qarşısında aşkar zəif, sistemsiz və qorxaq futbol oynadı. Xüsusilə Splitdə futbolçuların nə etdikləri, hansı sistem əsasında oynadıqları məlum deyildi. Elə bil meydana Allaha təvəkkül çıxmışdılar, nə olar-olar...
Səbəbkar kimdir? Əlbəttə ki, yeri düşəndə gördüyü işi təqdir etdiyimiz baş məşqçi Rəşad Sadıqov. Ötən il ortabab "Omoniya"ya 0:6 hesablı rüsvayçı məğlubiyyətidən sonra heyət yetərsizliyi və avrokubok təcrübəsizliyi səbəbindən tənqid edilməmişdi. Amma bu dəfə...Bəhanə səbəb ola bilməz.
Deməli, Rəşad Sadıqovun araşdırmalı, təkmilləşdirməli, öyrənməli olduğu çox detal var. Sağlam tənqiddən nəticə çıxaranlar həmişə uğur qazanıblar. Azərbaycanın bir nömrəsi olan Qurban Qurbanov da tənqidi normal qəbul edir.
Mediasport.com.az