QDF-in təşəbbüsü ilə keçirilən "Dirçəliş Kuboku"na yekun vuruldu

QDF-in təşəbbüsü ilə keçirilən "Dirçəliş Kuboku"na yekun vuruldu

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə keçirilən "Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, bu gün yarışda final matçı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə rəsmi şəxslər, turnirdə iştirak edən dövlət qurumlarının və şirkətlərin, eləcə də futbol ictimaiyyətinin nümayəndələri, QDF-in donor və tərəfdaşları, tanınmış idmançılar və jurnalistlər iştirak ediblər.

Öncə “Dədə-baba” rok qrupu çıxış edərək qonaqlara əsl musiqi ziyafəti yaşadıb.

Daha sonra final oyununda Dövlət Neft Şirkətinin (SOCAR) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) komandaları qarşılaşıb.

Rəqibinə 1:0 hesabı ilə qalib gələn SOCAR komandası turnirin qalibi olub.

Mükafatlandırma mərasimində QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və əslən Qarabağdan olan tanınmış futbolçu, eyni zamanda turnirin səfiri Qara Qarayev iştirak ediblər.

Çempion komandaya qızıl medallar və kubok təqdim edilib.

İkinci yeri tutan İRİA komandasına gümüş, üçüncü yer uğrunda oyunda UMİCO komandasına 3:2 hesabı ilə qalib gələn “Advokat” komandasına bürünc medallar təqdim olunub.

Turnirin ən yaxşı qapıçısı Elşad Quliyev (SOCAR GİPRO), turnirin ən dəyərli oyunçusu (MVP) Mehdi Mehdiyev (“Baku Steel Company”), turnirin bombardiri adına rəqib qapılarından 42 top keçirən Hakim İbadov (UMİCO), turnirin “Fair-Play komandası” adına isə “SOCAR Midstream” layiq görülüb.

Xatırladaq ki, “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə dəstək vermək üçün QDF-ə ianə edən dövlət qurumlarının və şirkətlərin komandaları (ümumilikdə 40 komanda) iştirak edib.

Turnirin sponsorları və iştirakçıları tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edilən 141.000 AZN vəsait Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.