Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbədənkənar Konfransı keçirilib.

"Mediasport" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Rəşad Nəbiyev, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

ACF-in prezidenti açılış nitqində Azərbaycan idmanına və cüdonun inkişafına göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Vurğulanıb ki, dövlət başçısının idmana göstərdiyi davamlı dəstək nəticəsində Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır.

Konfrans çərçivəsində Federasiyanın adından ölkə başçısına təşəkkür məktubu göndərilməsi qərara alınıb.

Bildirilib ki, əldə olunan uğurlar Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Federasiyanın, idman təşkilatlarının, məşqçilərin, idmançıların və cüdo ailəsinin bütün üzvlərinin birgə əməyinin nəticəsidir. 

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycan Cüdo Federasiyasının son illərdəki fəaliyyətini yüksək qiymətləndirib.

O, həm idman nailiyyətləri, həm də cüdonun kütləviləşdirilməsi və təhsil istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Konfransda Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin tərkibi müəyyənləşdirilib.

Rəşad Nəbiyev, Rövşən Rüstəmov, Elnur Məmmədli, Rəşad Rəsullu, Asif Əsgərov, Azər Əsgərov, Nazim Hüseynov, Mövlud Mirəliyev və Elxan Məmmədov komitə üzvləri kimi seçiliblər.

Konfransın qərarına əsasən, Rəşad Nəbiyev Federasiyanın prezidenti, Rövşən Rüstəmov və Elnur Məmmədli vitse-prezidentlər, Rəşad Rəsullu isə icraçı vitse-prezident kimi təsdiqlənib.

Həmçinin, ACF-in Nəzarət-Təftiş Komitəsinin üzvlərinin və sədrinin seçilməsi üçün səsvermə keçirilib.

Natiq Bağırov, Dilarə Məmmədova və Orxan Əsədov komitə üzvləri kimi təsdiqlənib, Natiq Bağırov isə Komitənin sədri seçilib.

Daha sonra yeni seçilmiş İcraiyyə Komitəsinin genişləndirilmiş iclası keçirilib.

İclasda idman təşkilatlarının, klubların nümayəndələri və cüdo məşqçiləri iştirak ediblər.

ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu 2022–2025-ci illəri əhatə edən fəaliyyət hesabatını təqdim edib.

Daha sonra məşqçilərlə regionlarda cüdonun inkişafı və kütləviləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və tövsiyələri dinlənilib.