Sözün yarısını "Qarabağ", qalan yarısını da azarkeşləri deməlidir!
Çətin dönəmdən keçən “Qarabağ”ı bu həftə Konfrans Liqasında "Dinamo" ilə olduqca gərgin matç gözləyir.
Ağdam klubu avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda meydana sadəcə revanş üçün çıxmayacaq.
Bu görüşün nəticəsi mərhələ ilə yanaşı, "atlılar" üçün pozitiv yeniləşmə və "qara zolaq"dan çıxmaq yolunda da böyük təkan ola bilər.
İlk oyundakı məğlubiyyət komandanın üzərindəki təzyiqi xeyli artırıb. Son üç avrokubok oyununda qol vura bilməmək də vəziyyəti dramatikləşdirib.
Üstəlik, yayda heyətə cəlb olunan yeni futbolçular hələ özlərini tam doğrultmayıblar. Qısası, bu aralar “Qarabağ”da işlər tam da qaydasında deyil.
Məhz bu məqamda komandanın azarkeş dəstəyinə əvvəlkindən daha çox ehtiyacı var.
“Qarabağ” artıq 10 ildən çoxdur Azərbaycan futbolunun Avropadakı əsas təmsilçilərindəndir - bayraqdarıdır. Və bütün bu uğurlu illəri unutmaq, bir anda silib atmaq futbola xəyanət sayılar!
Komplektləşmə dönəmindən keçən komandaya bu gün yalnız və yalnız dəstək lazımdır.
Qarşıdakı həlledici 90 dəqiqədə fikrimizcə, sözün yarısını “Qarabağ”, qalan yarsını da məhz azarkeş deməlidir! Hodri-meydan!
Mediasport.com.az

