Super Liqanın qalibi olan Zamiq çempionluq təəssüratlarını bölüşdü

"Mövsüm boyunca komanda olaraq bu an üçün çox çalışdıq. Allaha sonsuz şükürlər olsun ki, məqsədimizə çatdıq, titulumuzu qoruya bildik və Albaniyanın ən güclü komandası olduğumuzu bir daha göstərdik".
"Mediasport" xəbər verir ki, bu fikirlər "Eqnatia" klubu ilə Albaniya çempionu olan Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyevə məxsusdur.
24 yaşlı müdafiəçi Super Liqada qalibiyyət təəssüratlarını bölüşüb:
"Bütün azarkeşlərimizə, komandaya, məşqçilər korpusuna, klub rəhbərliyinə və klubda çalışan hər kəsə təşəkkür edirəm.
Bravo, uşaqlar, bravo, komanda! Və sonda mənə inanan və hər zaman dəstək olan ailəmə dərin təşəkkürümü bildirirəm. Legioner həyatı yaşadığım ilk mövsümümü 2 kubokla (3 də ola bilərdi — kubokun finalında uduzmağımız çox pis idi), çempionluq və Superkubokla başa vurmaq mənim üçün çox gözəl bir hiss idi".
O, türkiyəli agenti Emrah Akçaaya da təşəkkürünü çatdırıb:
"Ölkəmin bayrağını başqa bir ölkədə dalğalandırmaq mənə möhtəşəm duyğular yaşatdı. Və təbii ki, bu yerdə olmağımda əsas pay sahibi sənsən. Heç kim mənə inanmayanda, sən mənə inanıb ölkə xaricinə çıxmağıma kömək etdin. Sən olmasaydın, bunların heç biri baş verməzdi. İnşallah, birlikdə daha böyük uğurlar qazanarıq!"
Qeyd edək ki, "Eqnatia"da ötən yaydan çıxış edən Zamiq Əliyevin komandası ölkə kubokunun da qalibi olub. O bu mövsüm bütün turnirlərdə 42 oyunda (3094 dəqiqə) meydana çıxıb və 1 qolla yadda qalıb.