"Zirə"nin Konfrans Liqası oyunu ən çox izlənilənlər arasındadır - FOTO

UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk" və "Zirə" arasında baş tutan matç ən çox izlənilən avrokubok oyunlarından olub.
"Mediasport" xəbər verir ki, Xorvatiyanın Split şəhərində keçirilmiş oyunu 30086 azarkeş izləyib.
Oyunun əsas vaxtı 1:1 hesablı bərabərliklə bitib. Əlavə vaxtda "Hayduk" hesabda önə keçib və növbəti mərhələyə adını yazdırıb.
Split təmsilçisinin 3-cü təsnifat mərhələsində "Dinamo Siti" (Albaniya) ilə oyununda isə stadionda 31652 nəfər yer alıb.
Avropa Liqasında ən çox tamaşaçı 2-ci təsnifat mərhələsinin "Beşiktaş" və Ukrayna "Şaxtyor"u ilə matçında (2:4) qeydə alınıb (31739 azarkeş).
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin "Benfika" və "Nitsa" arasında oynanılmış qarşılaşmasını isə (2:0) 64511 tamaşaçı izləyib.