Bakıdakı dünya çempionatında rekord sayda iştirakçı olacaq
İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına rekord sayda iştirakçı qatılacaq.
"Mediasport" xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, Azərbaycana 663 idmançı, 272 məşqçi təşrif buyuracaq.
Milli Gimnastika Arenasında təşkil ediləcək mötəbər yarışda 64 beynəlxalq hakim iş başında olacaq.
Ümumilikdə 1100-dən artıq qonaq gözlənilir.
Bu dünya çempionatı iştirakçı idmançıların sayına görə son 13 ilin, təmsil olunan ölkələrin sayına görə isə son 8 ilin ən yüksək göstəricisi ilə yadda qalacaq.
Yarışın yüksək səviyyədə təşkili üçün Azərbaycan Güləş Federasiyası tərəfindən bütün zəruri hazırlıq işləri həyata keçirilir.


