"Bu, komanda ruhunun və düzgün oyun yanaşmasının göstəricisidir"

"Bu, komanda ruhunun və düzgün oyun yanaşmasının göstəricisidir"

“Toplanış komandamız üçün çox faydalı oldu. Özümüzdən yaşca böyük olan Özbəkistanın U-20 yığmasına qarşı iki oyun keçirdik və bu matçlar futbolçularımıza vacib beynəlxalq təcrübə qazandırdı".

"Mediasport" xəbər verir ki, bu sözləri 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev deyib.

Mütəxəssis Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan təlim-məşq toplanışı barədə federasiyanın mətbuat xidmətinə fikirlərini bildirib. O, toplanışın komandamız üçün çox faydalı olduğunu qeyd edib:

"Ümumilikdə komandanın toplanış zamanı həm oyuna münasibətindən, həm də göstərdiyi performansdan razıyam. Bu hazırlıq bir çox futbolçu üçün inkişaf baxımından dəyərli təcrübə oldu”.

İlk oyunda komanda xarakter və intizam göstərdi. Rəqib hesabı bərabərləşdirsə və biz azlıqda qalsaq da, qızlar toparlanaraq qələbə qazanmağı bacardılar. Bu, komanda ruhunun və düzgün oyun yanaşmasının göstəricisidir.

İkinci görüşdə isə yorğunluq və məhdud rotasiya imkanları öz təsirini göstərdi, nəticədə məğlub olduq. Buna baxmayaraq, belə qarşılaşmalar hazırlıq prosesinin vacib hissəsidir və gələcəkdə üzərində işləməli olduğumuz məqamları göstərir”.

Xatırladaq ki, ilk matçda Özbəkistan yığmasına 3:2 hesabı ilə qalib gələn millimiz ikinci yoxlama oyununda 0:4 hesabı ilə uduzub.