"Sizin üçün oynamaq həmişə şərəfdir" - Emin Mahmudov

"Sizin üçün oynamaq həmişə şərəfdir" - Emin Mahmudov

"Millidə 15-ci qolumu vurmaq və rekordçu olmaq mənim üçün sadəcə statistika deyil, bu, formanı geyinməyin verdiyi məsuliyyətin, qürurun ifadəsidir".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov deyib.

DÇ-2026-nın seçmə qrup mərhələsinin ikinci turunun Ukrayna ilə oyununda fərqlənərək yığmamıza 1 xal qazandıran futbolçu sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləməsi haqda fikirlərinə bunları əlavə edib:

"Mənə inanan məşqçilərimə, meydanda yanımda olan komanda yoldaşlarıma və hər zaman bizi ürəkdən dəstəkləyən azarkeşlərimizə minnətdaram. Sizin üçün oynamaq həmişə şərəfdir!"

Qurbanov sonuncu qolunu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) vurmuşdu.

Emin Mahmudov isə 2016-cı ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 56-cı matçında 15 qola çatıb.