Emin: "Əsas məqsədimiz onları mübarizədən kənarlaşdırmaqdır"

Emin: "Əsas məqsədimiz onları mübarizədən kənarlaşdırmaqdır"

“Dinamo” yaxşı kollektivdir. Hazırda əsas məqsədimiz onları mübarizədən kənarlaşdırmaqdır. Oyuna hazırlaşmağa kifayət qədər vaxtımız oldu. Yaxşı hazırlıq keçmişik. Bu baxımdan müsbət nəticə qazanacağımıza inanırıq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Emin Mahmudov deyib.

Yarımmüdafiəçi iyulun 22-də Bakıda UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq “Dinamo” (Minsk, Belarus) ilə oyundan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

Kapitan bu mövsümün komanda üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:

"Oyundan-oyuna hazırlaşmağı düşünürük. Növbəti mərhələlər barədə danışmaq hələ tezdir. Ötən illərdə avrokuboklarda müəyyən bəxtsizliklərlə üzləşdik. Amma inanıram ki, bu dəfə bunun öhdəsindən gələcəyik.

Heyətimizdə ciddi dəyişiklik olmayıb. Hazırda komandada sabitlik var. Yaxın vaxtlarda bəzi futbolçular da bizə qoşulacaqlar. Bundan sonra daha da güclü olacağımıza inanıram”.

Mahmudov təlim-məşq toplanışı zamanı düşərgədə möhtəşəm atmosferin hökm sürdüyünü bildirib və son məşqə gələn azarkeşlərə ürək sözlərini ifadə edib:

"Möhtəşəm atmosfer var idi, bizə böyük motivasiya verdilər. Daim bizimlədirlər. Əlimizdən gələni etməliyik ki, daha çox sevinsinlər. Oyundan qabaq da bizə motivasiya verdilər. Onlara təşəkkür edirəm. Allah qoysa, onları sevindirməliyik".

Xatırladaq ki, “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” matçı saat 20:00-da start götürəcək.