"Həm futbolçularıma, həm də məşqçilər heyətimə inanıram"

"Həm futbolçularıma, həm də məşqçilər heyətimə inanıram"

"Bəhreyn və Qırğızıstana qarşı keçirdiyimiz iki yoxlama oyunu bizim üçün faydalı oldu. Yeni ideyaları və yeni oyunçu kombinasiyalarını sınadıq".

"Mediasport" xəbər verir ki, bu sözlər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubova məxsusdur.

Mütəxəssis yığmanın Türkiyədə keçirilən təlim-məşq toplanışını dəyərləndirib:

"Yeddi yeni futbolçu öz şansını aldı və inanıram ki, gələcəkdə komandamızdakı rəqabəti daha da artıracaqlar.

Sentyabr ayında bizi üç həlledici oyun gözləyir. Bu təlim-məşq toplanışı bizə çox məlumat verdi.

İndi əsas məqsədimiz bu məlumatları düzgün analiz edib növbəti oyunlara daha yaxşı hazırlaşmaqdır.

Mən hər zaman pozitiv qalıram və həm futbolçularıma, həm də məşqçilər heyətimə inanıram".

Xatırladaq ki, millimiz Türkiyə toplanışında Bəhreyni məğlub edib (3:0), Qırğızıstana uduzub (1:3).

Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya (25 sentyabr), Şotlandiya (30 sentyabr) və Cəbəllütariqlə (6 oktyabr) qarşılaşacaq.