Firuz Abdulla: "İmişli" gözləsin, hələ Premyer Liqanı tərk etməmişik"

Firuz Abdulla: "İmişli" gözləsin, hələ Premyer Liqanı tərk etməmişik"

“ASCO Arena”dan istifadəyə dair mövsümün sonuna qədər AFFA ilə müqaviləmiz var. Mövsüm başa çatdıqdan sonra bu barədə milli assosiasiya rəhbərliyi ilə müzakirə aparacağıq”.

"Mediasport" xəbər verir ki, bu sözləri "Teleqraf"a açıqlamasında “Səbail” futbol klubunun icraçı direktoru Firuz Abdulla deyib.

Klub rəsmisi I Liqada mübarizə aparan “İmişli”nin “ASCO Arena” ilə müqavilə imzalayaraq, 2025/2926 mövsümündə Premyer Liqadakı ev oyunlarını bu stadionda keçirməsinin mümkünlüyünə münasibət bildirib:

“Bizim bu barədə məlumatımız yoxdur. “ASCO Arena” AFFA-ya məxsusdur. Ona görə müqavilə də ondan istifadə edən tərəflə bağlanır. Hər hansı digər klubun “ASCO Arena”nı ev oyunlarını keçirəcəyi stadion kimi sifariş verməsi və bu cür istəyinin olması ilə bağlı şərh verməyimiz düzgün olmaz”.

İcraçı direktor “İmişli”nin “Səbail”i mövsümün sonunda elitanı tərk etməyə əsas namizəd görərək bu addımı atmasına belə reaksiya bildirib:

“Hələ ki, “Səbail” Premyer liqanı tərk etməyib. Mövsümün sonuna qədər gözləməli olacaqlar”.

F.Abdulla 32-ci turun 1:1 hesabı ilə nəticələnən “Səbail” - “Araz-Naxçıvan” oyununun danışılmış olması və bunun "Elxan Məmmədovun "Səbail" üzərində nəzarəti var, ona görə də "Araz-Naçıvan"ın rəhbəri Zaur Axundovla arasında razılaşma olub” iddiaları ilə əlaqələndirilməsini qeyri-ciddi adlandırıb:

“Çox qısa cavab verəcəyəm: bu iddialar o qədər əsassız və gülüncdür ki, şərh verməyə belə lüzum görmürəm”.

Klub rəsmisi sonuncu pillədə yer alan “dənizçilər”in vəziyyətindən də danışıb:

“Nəticələrlə bağlı geniş açıqlama verməyə ehtiyac yoxdur, çünki özü hər şeyi deyir. Baş məşqçimiz Elvin Məmmədovla hər gün görüşümüz olur. Onun fəaliyyətindən narazılığımız yoxdur”

Qeyd edək ki, “Səbail” 32 turdan sonra 21 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alır. Liqadan düşməyə əsas namizəd “dənizçilər” mövsümün yekunlaşmasına 4 tur qalmış ən yaxın qonşusu “Kəpəz”dən 7 xal geridədir.