İtaliya yığma komandası ardıcıl 3-cü dəfə DÇ-dən kənarda qaldı

İtaliya yığma komandası ardıcıl 3-cü dəfə DÇ-dən kənarda qaldı

Yayda ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə Avropa zonasından vəsiqə qazanan sonuncu iki komanda məlum olub.

"Mediasport" xəbər verir ki, pley-off raundunun final görüşlərindən sonra Çexiya və Bosniya və Herseqovina dördilliyin zirvə yarışında iştirak hüququ əldə edib.

Hər iki lisenziyanın sahibi penaltilər seriyası ilə müəyyənləşib.

Çexiya - Danimarka matçının əsas və əlavə vaxtları 1:1 hesabı ilə yekunlaşıb. Penaltilərdə daha dəqiq olan çexiyalılar 3:1 hesabı ilə DÇ-yə vəsiqəni təmin ediblər.

İtaliya millisi isə Zeniçada Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçədən sonra "lotereya"da 1:4 hesabı ilə uduzub. Apenninlilər bununla da ardıcıl üçüncü mundialı kənardan izləməli olacaqlar.

Xatırladaq ki, daha əvvəl Türkiyə və İsveç yığmaları adlarını DÇ-2026-nın final mərhələsinə yazdırıblar.