Yoldaş Abasov, hara gəldiyini bilmirdin? - Tükənməyən bəhanələr

"Neftçi"nin cari mövsümü də titulsuz başa vuracağı dəqiqləşdi.
Kubokun yarımfinalında iki görüşün nəticəsinə görə "Sabah"a uduzan paytaxt klubu artıq illərdir uğursuzluq zolağından çıxa bilmir.
Rəhbərlik dəyişilir, məşqçilərin biri digərini əvəz edir, dünyanın dörd bir tərəfindən vaqonla futbolçu transferləri olur, dəyişməyən tək şey var - "Neftçi"nin nəticələri.
Bir məşqçi 3 xal az, biri 2 xal çox qazanır, biri iki addım önə, digəri 1 addım geri - aşağı-yuxarı eyni şeydir.
Oktyabrda "ağ-qaralar"a baş məşqçi təyin olunan Samir Abasovun da bacarığı bura qədərdi, açığı. Zorla olmur.
2024-cü il oktyabrın 14-də yenidən "Neftçi"nin "sükanı" arxasına keçən mütəxəssis 6 aydan çoxdu baş məşqçi kreslosunda oturub.
O, gələndə komanda Premyer Liqada 9-cu sırada qərarlaşmışdı, qələbəsi yox idi. Abasov "ağ-qaralar"a geridə qalan müddətdə 8 qələbə qazandırıb, turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdırıb.
Hə, bütün bunları görürük, danan yoxdu, göz qabağında olan şeylərdi. Amma...Başqa nə cür olmalı idi ki? "Neftçi" liqadan düşməli idi? Daha bunu da bacarmayacaqsa, onda kimə lazımdı Samir Abasov?!
Bəhanələri bitmək-tükənmək bilmir. Sanki "Neftçi"yə onu məcbur gətiriblər. Sözünün dalı-qabağı, ortası eləcə minnətdi.
Bir gün deyir, komanda fiziki cəhətdən çatdırmır...
Ertəsi gün heyəti özünün yığmamasından gileylənir...
Bir sonrakı gün məsuliyyəti ikiyə bölür...
Kəsə desəm, Samir Abasov qışda 3-4 transferlə yanaşı, bir vaqon da bəhanə gətizdirib, deyəsən.
Yoldaş Abasov, yarım ildən çoxdu burdasan, gecəylə "Sumqayıt"ı atıb qaçanda hara gəldiyini bilmirdin?
Gələndə hansı futbolçularla işləyəcəyindən xəbərin yox idi?
Yorulmadın nala-mıxa vurmaqdan?..
Onda gərək, Ayxan Abbasovla Azər Bağırov ip götürüb özünü assın ki, hansı şəraitdə işləyirik...
P.S. "Neftçi" rəhbərliyi Samir Abasovla yola davam etməlidi. Mübaliğəsiz. Ona azı bir mövsüm və mümkün bütün şərait yaradılmalıdı ki, bütöv Azərbaycan nəyə qadir olduğunu və ya əksini görsün. Bəlkə elə biz yanılırıq. Ondan sonra Abasovun sosial şəbəkə dəstəkçiləri də, mediadakı dostları da, nə bilim, Abasovun ətəyində namaz qılmalı olduğumuzu düşünən menecer yoldaşlar da sakitləşərlər.
P.P.S. Kişi, vallah-billah, Samir Abasov "Pro" kateqoriyası ala bilər, amma "Pro" kateqoriyalıq məşqçi deyil. Ayxan Abbasova, Azər Bağırova, hətta bu yolda yeni-yeni addım atan Elvin Məmmədova ikiqat güvənərəm, nəinki Abasova. Adamın ancaq danışmağı var. Danışmaqla nəticə olmur. Bu biri yazıqlar da nə vaxtsa normal şərait qarşılığında işləməlidi də. "Cənazədaşıyan, ölüdirildən" işləmirlər ki, məşqçidilər. Öz də gənc, perspektivli, bacarıqlı və.s.
Elvin