"Xal itirmək riskini gözə alıb gənclərə güvəndik, şans verdik"

"Xal itirmək riskini gözə alıb gənclərə güvəndik, şans verdik"

"Qarşımıza qoyduğumuz əsas məqsəd Premyer Liqada möhkəmlənməkdir. Keçən mövsüm burada ilk ilimiz idi, çətinliklər çox oldu, komandanı yeni qurduq. Onda vaxtımız az idi, bu il seleksiyanı bir az tez apara bildik".

Bu sözləri "Mediasport"a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

A millimizin çalışdırıcısı bölgə təmsilçisinin mövsümün geridə qalan hissəsində çıxışını dəyərləndirib:

"20 xal yığdıq. Məncə, qışa qədər pis göstərici deyil. Daha yaxşı olmaq imkanımız da var idi. Bəzi oyunlarda həqiqətən yaxşı oynasaq da, xalsız qaldıq. Belə şeylər normaldır. Üzərimizə düşən odur ki, qışdan sonra bu oyunlarımızı daha yaxşılaşdıraq.

Bilirsiniz ki, bu mövsüm komandada yaş həddini bir qədər də gəncləşdirmişik. Yeni gələn futbolçularımızın ümumən çoxunun komandaya kömək etməsi bizi sevindirir. Eyni zamanda, çox sayda gənc futbolçumuzun xidmətindən istifadə edirik. Bu gəncləri çempionatımıza, futbolumuza qazandırmaq istəyirik. Elə matçlarımız oldu ki, xal itirmək riskini gözə alıb gənclərə güvəndik, şans verdik".

Mütəxəssis Azərbaycan Kuboku yarışında da mümkün qədər irəlilədiklərini qeyd edib:

"1/4 finala yüksəlmişik. Bu məni sevindirir. Ötən mövsüm kubokla daha tez vidalaşmışdıq. Növbəti mərhələdə rəqibimiz "Qarabağ" olacaq. Maddi vəziyyətimiz və büdcəmizə, heyətimizin o qədər də geniş olmamasına baxsaq, məncə, həm liqada, həm də kubokda indiyə qədərki nəticəni yaxşı hesab edə bilərik".

Xatırladaq ki, "Şamaxı" 12 komandalı Premyer Liqada qış fasiləsinə 20 xalla 7-ci pillədə yollanıb.