"Meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”
“Birinci oyundan sonra istirahət etdik və yaxşı bərpa olunduq. Üstəlik, rəqibin adının gətirdiyi üstünlüyü, azarkeş amilini, zala uyğunlaşmaq baxımından yaşadığımız problemi bu dəfə bir kənara atdıq, psixoloji baxımdan matça tam hazır çıxdıq".
"Mediasport" xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç deyib.
Mütəxəssis Aktauda Qazaxıstan yığması ilə ikinci yoldaşlıq oyunu haqda danışıb, 2:4 hesablı məğlubiyyəti şərh edib:
"Buna görə də yaxşı oynadığımızı deyə bilərəm. Əslində, yoldaşlıq oyunlarını güclü rəqiblərə qarşı keçirmək yaxşı oldu.
Zəif rəqibləri udub bayram etməkdənsə, səhvlərimizi, çatışmazlığımızı görüb, üzərində işləmək və inkişaf etmək lazımdır.
Bugünkü oyunumuz da çox çətin idi, ancaq uşaqlar bacardıqlarını göstərdilər. Sadəcə, soyuqqanlılığımız çatmadı.
Bəzi epizodlarda yaxşı mənada nələrsə etmək istədik, alınmadı. Bu cür oyunlarda uduzsaq da, meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”.
Xatırladaq ki, yoldaşlıq görüşü çərçivəsində iki gün əvvəl bu rəqibə 2:9 hesabı ilə uduzan yığmamız daha əvvəl Gürcüstan seçməsinə də iki dəfə məğlub olub (2:4, 2:5).
