Sabiq müdafiəçi "Zirə"dən ciddi hörmətsizlik gördüyünü açıqladı
"3 il “Zirə”də oldum, canımı qoydum. Məşqlərin birində ayağım sındı, dedilər, “salamat qal, get, evdə istirahət et”.
"Mediasport" xəbər verir ki, bu sözləri "Sportinfo"ya müsahibəsində "Zirə"nin sabiq futbolçusu Aleksandr Şemonayev deyib.
32 yaşında peşəkar karyerasını başa vuran veteran futbolçu qəsəbə komandasında ona qarşı ciddi hörmətsizlik edildiyini açıqlayıb:
"Açıq şəkildə evə göndərdilər. Halbuki futbolçu ağır zədə alanda belə davranmırlar. Futbolun yazılmamış qanunları var. Komandanın oyununda, yaxud məşqində ayağın sınıbsa, ya da ağır zədə almısansa, jest olaraq müqaviləni 1 il də artırırlar ki, kluba görə olub. Ayağım gipsdə ola-ola qapını göstərdilər".
Vaxtilə "Simurq", "Xəzər Lənkəran" və AZAL-da da oynamış müdafiəçi "qartallar"ın ona sahib çıxmadığını bildirib:
"Mövsümün sonu idi, 2-3 oyun qalmışdı, müqaviləmin müddəti başa çatırdı. Zədələnməsəydim, Premyer Liqada rahat 2-3 il də “dartardım”. Fiziki cəhətdən yaxşı idim, bəlkə də bu günə qədər oynayardım. Zədələndiyim “Zirə” mənə sahib çıxmamışdısa, kimə lazım olacaqdım ki?".
Xatırladaq ki, 40 yaşlı veteran 2015-2018-ci illərdə "Zirə"də forma geyinib.

