Tarixə düşəcək Afrika Millətlər Kubokunun qalibi müəyyənləşdi

Tarixə düşəcək Afrika Millətlər Kubokunun qalibi müəyyənləşdi

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, həlledici qarşılaşma dramatik və dünya tarixində nadir matçlardan olub.

Meydan sahibi komanda ilə Seneqal arasında duel, yəqin ki, uzun illər danışılacaq.

Belə ki, görüşün əsas vaxtına artırılmış 6-cı dəqiqədə hakim seneqallıların təmiz qolunu saymayıb və 2 dəqiqə sonra komandanın qapısına penalti təyin edib.

Seneqal millisinin baş məşqçisi Pap Tiyav etiraz əlaməti kimi komandanı meydandan çıxarıb.

20 dəqiqəyə yaxın davam edən qeyri-adi vəziyyətdən sonra Seneqal yığmasının lideri Sadio Mane komanda yoldaşlarını geri qaytarıb.

90+24-cü dəqiqədə Brahim Diaz təyin olunmuş penaltini sanki qəsdən vurmayaraq topu zəif zərbə ilə nümayişkaranə formada qapıçının üzərinə göndərib.

30 dəqiqəlik əlavə vaxtın ilk yarısında isə Pap Geye Seneqal millisinə gözəl qolla tarixində ikinci Afrika çempionluğunu gətirib.

Yarışda üçüncü yeri Nigeriya seçməsi tutub. Komanda 0:0 başa çatan qarşılaşmada Misir millisini penaltilərlə məğlub edib - 4:2.