Almaniya mətbuatı Polşaya yollanan Dadaşovu yada saldı

Almaniya mətbuatı Polşaya yollanan Dadaşovu yada saldı

Almaniya mətbuatı bugünlərdə Polşanın "Radomyak" klubu ilə müqavilə bağlayan Azərbaycan millisinin futbolçusu Renat Dadaşovu yada salıb.

"Mediasport" xəbər verir ki, "Frankfurter Rundschau" nəşri vaxtilə Almaniyanın aşağı yaş qruplarından ibarət yığma komandalarında forma geyinmiş forvardın karyerasını vərəqləyib.

Məqalədə Renat üçün yeni şans və yeni səhifənin açıldığı qeyd edilib:

"Polşa klubuna transfer Dadaşovun karyerasını yenidən canlandırmaq və Ekstraklassada möhkəmlənmək üçün fürsət ola bilər.

O, 2017-ci ilin mayında ilk peşəkar müqaviləsini imzaladığı “Ayntraxt”a qayıtmışdı. Dadaşov istedadına baxmayaraq, əsas komandaya düşə bilmədi və növbəti ilin martında onunla yolları ayırdılar. Dadaşov “Ayntraxt”dan sonra böyük futbol dünyasına yol aldı, əvvəlcə Portuqaliyanın ikinci liqası, daha sonra İngiltərə, İsveçrə və Türkiyə liqalarında oynadı. Növbəti addım Polşa oldu".

Polşa klubu ilə uzatmaq şərti ilə 6 aylıq müqavilə bağlayan 25 yaşlı Renat 2014-2016-cı illərdə Almaniyanın U-16 və U-17 milli komandalarında 21 oyun keçirib, 17 qol vurub.

O, 2017-ci ildən Azərbaycan yığmasında çıxış edir.