Komandamız Vyetnamda bir dəst medal əldə etdi - Dünya Seriyası

 Komandamız Vyetnamda bir dəst medal əldə etdi - Dünya Seriyası

Vyetnamın Dananq şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi baş tutub.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisi Oyan Nəzərianinin rəhbərliyi altında 4 pəhləvanla təmsil olunub.

Təmsilçilərimizdən 3-ü uğurla çıxış edərək medal qazanıb.

90 kq çəki dərəcəsində yarışan Əşrəf Aşırov debütdə çempion olub. O, qrup mərhələsində maksimum nəticə göstərərək yunanıstanlı Mixail Akritidisə, finalda isə gürcüstanlı İuza Tsertsvadzeyə qalib gəlib.

Sahib Dadaşov (80 kiloqram) qrup 2-cisi kimi yüksəldiyi yarımfinalda fransalı Uqo Kuenonu məğlub etsə də, finalda gürcüstanlı Luka Çxitunidzeyə minimal fərqlə (1:2) uduzaraq gümüş medala yiyələnib.

Rübail İbrahimli (70 kiloqram) də qrup ikincisi kimi adladığı yarımfinalda rusiyalı Konstantin Topşinoyevə məğlub olsa da, fransalı Kuentin Stikeri üstələyərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Beləliklə, millimiz 60 xal toplayaraq komanda hesabında Gürcüstan (71) və Ukraynadan (65 ) sonra 3-cü olub.