"İstədiyimiz nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik”

"İstədiyimiz nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik”

"Sabah çox önəmli oyuna çıxacağıq. Üç gün əvvəl Litva yığması üzərində qazandığımız səfər qələbəsi komadamıza özünəinam verdi. Bu da qarşıdakı görüşə daha yaxşı hazırlaşmaq baxımından vacib idi".

"Mediasport" xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Monteneqro yığmasına qarşı keçiriləcək səfər oyunu haqda danışıb.

O, qələbə qazanmaq arzusunda olduqlarını bildirib. S.Əsgərov deyib ki, hazırlaşmaq üçün vaxtları az olub:

“Tez bir zamanda Litva ilə matçı unudub Monteneqro ilə qarşılaşmaya köklənməli idik. Sabahkı görüşdən sonra qrupda hansı mövqeyi tutacağımız müəyyənləşə bilər. Bura qələbə istəyi ilə gəlmişik.

Hər iki komanda bir-birini yaxşı tanıyır. Düşünürəm ki, minimum səhv edən tərəf istəyinə çatacaq. Nəzərə alaq ki, bu “pəncərə”də biz ikinci oyunumuza çıxacağıq və hər ikisi səfər qarşılaşmasıdır. Monteneqro isə bir matçla kifayətlənəcək. Yorğunluq olsa da, buradan istədiyimiz nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, yığmamızın sabah Nikşiç şəhərində baş tutacaq oyunu Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.