"Azərbaycan idmanı üçün tarixi uğura imza atdıq" - Eldəniz Əzizli

"Komanda şəklində növbəti dəfə Avropa çempionu olmaqla Azərbaycan idmanı üçün tarixi uğura imza atdıq. Bizi qarşıda dünya çempionatı və İslam Həmrəyliyi Oyunları gözləyir. Ümid edirəm ki, bu yarışlarda yenidən xalqımızı sevindirəcəyik".
"Mediasport" xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə Azərbaycan millisinin kapitanı Eldəniz Əzizli deyib.
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında 55 kq çəki dərəcəsində gümüş medal qazanmış idmançı təəssüratlarını bölüşüb:
"Peşəkar idmançı olduğum üçün rəqibin kimliyinə önəm vermirəm. Nəticəyə fokuslanmağa çalışıram. Əlavə psixoloji amillərin fikrimi yayındırmasına icazə vermirəm. Bəzən idmançılarımız üzərilərindəki psixoloji təzyiqə görə istədikləri nəticəni göstərə bilmirlər. Vətən müharibəsində qazandığımız Qələbə hər şeyə dəyər. Rəqibdən asılı olmayaraq, düzgün taktika yerinə yetirməyə çalışıram”.
Qeyd edək ki, millimiz AÇ-də 3 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 1-ci yeri tutub.