"Qarabağ"ın ÇL matçına biletləri bir neçə saata satılıb qurtardı

UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci tur görüşünə hazırlaşan "Qarabağ"ın Danimarkanın "Kopenhagen" kollektivi ilə qarşılaşmasında anşlaq yaşanacaq.
"Mediasport" xəbər verir ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş üçün satışa çıxarılmış biletlərin böyük əksəriyyəti bir neçə saata alınıb.
Ümumilikdə 27 min 500 bilet satılıb.
"iTicket.az" saytında qısa müddətdə uzun növbələr yaranıb, çox sayda azarkeş 5 və 10 manatlıq biletləri əldə edə bilməyib.
Satışda az sayda 30 və 40, 50, 75 manatlıq, həmçinin VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatlıq biletlər qalıb.
Xatırladaq ki, oyun saat 20:45-də start götürəcək.