"Rəşad, sakitləş, otur yerinə" şüarına görə Ehtiram Quliyevə şikayət etdi - MARAQLI OLAY

"Rəşad, sakitləş, otur yerinə" şüarına görə Ehtiram Quliyevə şikayət etdi - MARAQLI OLAY

Azərbaycan Premyer Liqasının 21-ci turunun Suraxanı stadionunda keçirilən "Turan Tovuz" - "Zirə" oyununda və matçdan sonra maraqlı hadisələr yaşanıb.

"Mediasport" xəbər verir ki, nominal ev sahibi Tovuz klubunun azarkeşləri 90 dəqiqə boyunca rəqib baş məşqçi Rəşad Sadıqovun ünvanına şüarlar səsləndiriblər.

"Azərsun Arena"ya toplaşmış tovuzlu fanatların görüşün sonunadək daim texniki zonada emosionallığı ilə seçilən çalışdırıcıya həsr etdiyi "Rəşad, sakitləş, otur yerinə" atmacası Sadıqovun xoşuna gəlməyib.

Belə ki, mütəxəssis qarşılaşma başa çatandan sonra "Turan Tovuz"un Müşahidə Şurasının sədri Ehtiram Quliyevə yaxınlaşaraq narazılığını bildirib.

Qeyd edək ki, Rəşad Sadıqov oyundan sonra baş tutan mətbuat konfransında rəqib azarkeşlərin niyə belə etdiklərini anlamadığını bildirib.

Matç tovuzluların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.