Şəhid jurnalistlərin xatirəsinə həsr edilmiş ənənəvi turnir start götürdü

Şəhid jurnalistlərin xatirəsinə həsr edilmiş ənənəvi turnir start götürdü

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək keçiriləcək şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub.

"Mediasport" xəbər verir ki, Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan turnirin təşkilatçısı və şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov Vətən müharibəsində qazanılan qələbədə xüsusi rolu olan şəhidlərin qəhrəmanlıqlarının heç zaman unudulmadığını və daim yaşayacağını bildirib.

O qeyd edib ki, məhz bu turnirin təşkili mərd mübarizlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Dövlət Himni səsləndikdən sonra yarış açıq elan olunub. Topa rəmzi olaraq ilk toxunuşu təşkilatçılar adından Əsgər İbrahimov edib.

Açılış mərasimindən sonra A və B qrupunda 2 qarşılaşma baş tutub. Meydana ilk olaraq “Real TV” və “Baku WS” komandaları çıxıb. Görüş televiziya təmsilçilərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün 2-ci görüşündə “AzTV” AZƏRTAC-ın qapısından 6 cavabsız top keçirib. Oyunları AFFA-nın hakimləri idarə ediblər.